Avropada təhsil almaq, təkcə akademik biliklər qazanmaq deyil, həm də yeni mədəniyyətləri kəşf etmək, geniş perspektivlər qazanmaq və şəxsi inkişaf yolunda önəmli addım atmaq deməkdir. Bu təhsil mühitində tələbələr dünyanın mübəlif guşələrindən olan gənclərlə bir araya gəlir, yüksək keyfiyyətli təhsil standartlarından faydalanır və beynəlxalq miqyasda tanınan diplomlar əldə edirlər.
Lakin, Avropada təhsil almaq istəyən bir neçə mərhələlərdən keçməlidirlər. Tələbələr üçün ilk addımlardan biri viza prosesini uğurla tamamlamaqdan ibarətdir. Bu proses, düzgün yanaşma və lazımi sənədlərin vaxtında hazırlanmasını tələb edir.
Blog yazımızda Avropada təhsil üçün viza prosesinin detallırını, addım-addım gedişatı və bu yolda qarşınıza çıxa biləcək çətinlikləri necə aradan qaldırma yollarını izah edəcəyik.
Avropada tələbə vizası üçün lazım olan sənədlər hansılardır?
Avropada təhsil almaq üçün tələbə vizasına müraciət edərkən təqdim etməli olduğunuz sənədlər ölkədən asılı olaraq fərqlənsə də, ümumilikdə bəzi standart tələblər mövcuddur.
- Pasport. Müraciət etdiyiniz tarixdən etibarən ən azı 6 ay müddətinə etibarlı olmalıdır. Pasportun boş səhifələri olmalı və köhnəlməmiş vəziyyətdə təqdim edilməlidir.
- Universitetdən qəbul məktubu. Avropadakı qəbul olduğunuz təhsil müəssisəsindən rəsmi qəbul məktubu tələb olunur. Məktubda qəbul olduğunuz proqramın detalları və təhsil müddəti göstərilməlidir.
- Maliyyə vəsaitlərinin sübutu. Təhsil və yaşayış xərclərini qarşılayacaq maliyyə vəsaitləriniz olduğunu sübut etməlisiniz. Bank hesabı çıxarışları, təqaüd məktubları və ya sponsor dəstəyi barədə sənədlər təqdim edilə bilər.
- Sığorta sənədi. Şengen bölgəsinə daxil olan ölkələrdə tələbələr üçün beynəlxalq tibbi sığorta vacibdir. Sığorta təcili tibbi yardım və gözlənilməz halları əhatə etməlidir.
- Təhsil və akademik sənədlər. Əvvəlki təhsil diplomlarının surətləri və notarial təsdiq edilmiş tərcümələri tələb olunur. Bəzən əlavə olaraq tövsiyə məktubları və motivasiya məktubu da tələb olunur.
- Dil biliyini sübut edən sertifikat. İngilis, fransız, alman və ya digər tələb olunan dil biliklərini təsdiqləyən sertifikat (IELTS, TOEFL və ya DSH) təqdim edilməlidir.
- Viza müraciət forması. Viza müraciət forması dəqiq və düzgün şəkildə doldurulmalıdır. Forma ölkənin rəsmi viza portalından yüklənə bilər.
- Şəkil. Rəsmi tələblərə uyğun biometrik şəkil təqdim olunmalıdır.
- Yaşayış yeri ilə bağlı sənəd. Avropada qalacağınız yerin təsdiqi (hostel rezervasiyası, kirayə müqaviləsi və ya universitet yataqxanası haqqında məlumat) tələb olunur.
- Vizaya aid dövlət rüsumu. Viza üçün müraciət etdiyiniz zaman ödənilməli olan dövlət rüsumunun qəbzi təqdim edilməlidir.
Bu sənədləri təqdim edərkən dəqiq və tam şəkildə hazırlamağınız vacibdir. Hər hansı bir sənədin əskik və ya düzgün təqdim olunmaması müraciət prosesinin uzanmasına və ya rədd edilməsinə səbəb ola bilər. Proseslə bağlı əlavə məlumat üçün müvafiq ölkənin səfirliyi ilə əlaqə saxlayın.
Avropada tələbə vizasına müraciət necədir?
Avropada təhsil almaq üçün tələbə vizası müraciət prosesini düzgün şəkildə həyata keçirmək vacibdir. Bu proses müraciət etdiyiniz ölkənin viza qaydalarına əsaslansa da, ümumilikdə bir neçə ümumi addımı əhatə edir:
1. Universitetdən qəbul məktubu alın. Təhsil alacağınız universitetdən rəsmi qəbul məktubu almalısınız. Bu, viza müraciəti üçün ən vacib sənəddir.
2. Lazım olan sənədləri hazırlayın. Pasport, qəbul məktubu, maliyyə sübutları, tibbi sığorta və digər tələb olunan sənədləri tam və düzgün şəkildə hazırlayın.
3. Online qeydiyyatdan keçin. Viza müraciəti üçün ölkənizdə müvafiq viza portalında qeydiyyatdan keçin və görüş üçün müraciət edin.
4. Səfirlikdən görüş təyin edin. Səfirlik və ya konsulluqda görüş vaxtı təyin edin və həmin gün sənədlərinizi təqdim edin.
5. Müsahibəyə hazırlaşın. Bəzi ölkələrdə viza prosesində şəxsi müsahibə tələb olunur. Təhsil məqsədinizi aydın izah etməyə hazır olun.
6. Viza rüsumunu ödəyin. Tələbə vizası üçün rəsmi rüsumu ödəyərək qəbzi təqdim edin.
7. Viza nəticəsini gözləyin. Proses adətən 4-8 həftə çəkir. Bu müddətdə əlavə sənədlər tələb oluna bilər.
8. Vizanızı alın. Vizanız təsdiq edildikdən sonra pasportunuzu götürüb təhsil üçün Avropaya yola düşə bilərsiniz.
Avropadan olan ölkələrin vətəndaşları üçün tələbə vizası prosesi
- Viza tələbi və azadlığı. Avropa İttifaqı (Aİ) və Şengen zonasına daxil olan ölkələrin vətəndaşları digər Avropa ölkələrində təhsil almaq üçün adətən viza tələb etmir. Yalnız uzunmüddətli qalmaq və təhsil üçün qeydiyyat prosesi lazımdır.
- Lazım olan sənədlər. Qəbul məktubu, tibbi sığorta və maliyyə təminatı sübutu təqdim edilməli əsas sənədlər sırasındadır. Təhsil müddətində yaşamaq üçün qeydiyyatdan keçmək bəzi ölkələrdə tələb olunur.
- Prosedur və tələblər. Şengen zonasındakı vətəndaşlar sərbəst səyahət edə bilsələr də, təhsil üçün universitetin qeydiyyat və rezidensiya qaydalarını yerinə yetirməlidirlər. Yerli bələdiyyələrdə qeydiyyatdan keçmək və tələbə kartı almaq lazımdır.
- Maliyyə və sığorta şərtləri. Təhsil dövrü ərzində maliyyə imkanlarınızı göstərən sənədləri təqdim etməlisiniz. Tibbi sığorta təhsilin hər mərhələsində zəruri şərt olaraq qalır.
- Avropa gəncləri üçün əlavə üstünlüklər. Avropa vətəndaşları üçün çox sayda təhsil qrantı və subsidiya mövcuddur. Gənclər həmçinin tələbə mübadilə proqramlarında (məsələn, Erasmus) asanlıqla iştirak edə bilirlər.
Aropadan kənar ölkənin vətəndaşları üçün tələbə vizası prosesi
Avropada təhsil almaq istəyən vətəndaşlar üçün ən vacib mərhələlərdən biri vizanın əldə olunmasıdır. Avropa İttifaqına daxil olmayan ölkələrin vətəndaşları, tələbə vizası üçün xüsusi qaydalara əməl etməli və müəyyən sənədləri təqdim etməlidirlər.
- Şengen və ya milli viza seçimi. Avropanın bəzi ölkələrinə (məsələn, Almaniya, Fransa, İtaliya) tələbə vizası almaq üçün milli vizaya müraciət etməlisiniz. Şengen vizası isə 90 günə qədər olan qısamüddətli proqramlar və ya giriş icazəsi üçün istifadə olunur. Uzunmüddətli təhsil üçün Şengen vizası uyğun deyil. Vizaya müaciəti ölkədəki qəbul olduğunuz universitetin aid olduğu ölkənin səfirlik və ya konsulluğuna etməlisiniz.
- Əsas sənədlər. Yuxarıda qeyd etdiyimiz Avropada tələbə vizasına müraciət üçün lazım olan sənədləri toplamalısınız.
- Biometrik məlumatlar və müsahibə. Müraciət zamanı biometrik məlumatların (barmaq izi) təqdim edilməsi və bəzi hallarda səfirlikdə müsahibədən keçmək tələb olunur.
- Vizanın təsdiqi və səyahət icazəsi. Vizanız təsdiq edildikdən sonra, səfərdən əvvəl bütün sənədlərinizin nüsxəsini hazırlayın və qəbul məktubu, qalacağınız yerin təsdiqi kimi əlavə sənədləri daşımağı unutmayın.
Viza prosesi hər ölkə üçün fərqli olur. Ona görə də, müraciət etməzdən əvvəl həmin ölkənin səfirliyinin rəsmi veb saytından təlimatları diqqətlə oxumaq vacibdir.
Avropada tələbə vizasına nə vaxt müraciət etmək lazımdır?
Avropada tələbə vizası üçün təhsil proqramınız başlamazdan ən azı 3-6 ay əvvəl müraciət etməyiniz tövsiyə olunur. Bu, tələb olunan sənədləri toplamaq, hər hansı gecikmənin qarşısını almaq və əlavə sorğulara vaxt ayırmaq üçün önəmlidir.
Çünki bəzi ölkələrdə viza prosesləri daha sürətli olsa da, müraciətlərin sayının çox olduğu dövrlərdə (xüsusilə yay aylarında) müddət uzana bilər. Həmçinin sənədlərdə səhvlik ola, əlavə sənədlər də tələb olunması mümkündür. Vizadan zamanında cavab almamaq istə təhsilə başlamağınıza mane olacaq. Ona görə bütün riskləri qarşısını almaq üçün universitetdən qəbul məktubunu aldıqdan dərhal sonra viza müraciətinə başlamaq məsləhətdir.