Magistr təhsilimi əsasən 3 ölkədə almaq istəyirdim, İngiltərə, Kanada və Amerika. Dərəcə almaq istədiyim sahə Cyber Security idi və tam olaraq istədiyim proqramı məhz City University of London da tapdım. Bir qədər universitet və həmin proqram sillabusunu araşdırdıqdan sonra seçimimdən əmin oldum. Universitetin dünya üzrə reytinqi və digər akademik göstəriciləri seçimimdə önəmli tələblərdən idi.
Bakalavr təhsilim zamanı fənlərimdən biri Information Security dərsi idi. Mən bu dərsdə bu sahənin fundamental biliklərini öyrəndim və məndə bu sahəyə böyük maraq yarandı. Bundan sonrakı təhsilimə bu yöndə davam edəcəyimə qərar verdim. Mən istərdim ki, Azərbaycanda bu sahə üzrə daha çox xanım mütəxəssisləri görüm. Bunun üçün lazım gəlsə mən də öz dəstəyimi göstərməyə hazıram.
City, University of London mənə çox şey öyrətdi. Təhsilim boyunca bu sahədə həm nəzəri, həm praktiki məlumatları öyrəndim. Demək olar ki, bu sahəni yenidən kəşf etdim. Təhsilim boyunca keçirilən dərslərlə yanaşı bir çox proyektlərdə iştirak etmə imkanım oldu. Bu proyektlərdə yeni proqramlarla tanış oldum və hətta bu proqramlar hazırki işimdəki bəzi tapşırıqları yerinə yetirməyimdə mənə çox kömək olur. Oxuduğum müddət ərzində bir sıra tədbirlərdə iştirak etdim. Bu tədbirlərdə bu sahə üzrə çox savadlı mütəxəssislər bizlə öz təcrübələrini bölüşürdülər. Bundan əlavə, mən universitetdə bir çox fərqli ölkələrdən tələbələrlə tanış oldum və bir çox yeni mədəniyyət ilə qarşılaşdım. Bu mənim dünya görüşümü çox artırdı.
Əlbəttə ki, London təhsil sisteminə öyrəşməyim zaman aldı və bu, imtahanlarda da özünü göstərdi. Onu qeyd edim ki, imtahanlara hazırlaşarkən və imtahan vaxtı “time management” çox önəmlidir. Təbii olaraq bu imtahanlara Azərbaycandakı imtahanlara hazırlaşdığımdan qat-qat daha çox vaxt sərf edirdim. Həm fikrimi tam olaraq ifadə edə bilməyim üçün, həm də onların standartlarına uyğun şəkildə imtahan vermək üçün iki qat səy göstərirdim. Müəllimlərin isə ofis saatları olur, bu zaman tələbələr müəllimlərlə görüşüb suallarını verə bilirlər. Əgər bunu etməyə imkan olmasa email və ya Skype vasitəsi ilə də əlaqə saxlamaq mümkündür.
Universitetin özünün endirimi mövcuddur, sizə təhsil haqqına müəyyən güzəştlər təklif edirlər. Bu endirimi hələ universitetə qəbul alarkən qazana bilərsiniz. Bunun üçün bakalavr təhsilindəki qiymətlər önəmli rol oynayır. Əsas olan, bu barədə yazılan “Scholarship letter”-də scholarshipə həqiqətən layiq olduğunuzu detaylı şəkildə bildirə bilməkdir.
Bu barədə deyə bilərəm ki çox şanslı idim, çünki oxuduğum universitet özü tələbələrə müəyyən iş imkanları təklif edirdi. Bununla siz həm pul qazanıb, həm də təhsil ala bilirsiniz və işiniz kənarda olmadığı üçün ağır dərs rejimində çox yorulmursuz. Bundan əlavə isə əlbəttə ki, siz digər internshiplər, graduate vakansiyalara da müraciət edə bilərsiniz. Mən özüm isə diplom işimi müdafiə etdikdən sonra Bakıya qayıtdım və burada çalışmağa başladım.
Hal hazırda ixtisasım üzrə artıq bir ildən çoxdur ki işləyirəm. Bu sahəni çox sevirəm və böyük həvəslə çalışıram. Britaniyada öyrəndiklərimi burada, öz ölkəmdə tətbiq etmək istəyirəm. Onu da bildirmək istəyirəm ki, Azərbaycanın bu sahədə savadlı mütəxəssislərə həqiqətən ehtiyacı var.
Mən yataqxanada qalmağı tərcih etdim, həm şəraiti yaxşı idi, həm də bütün kommunal xərclər ödənişə daxil idi. Lakin, orada kimisə öncədən tanısa idim, evdə qalmağı seçərdim. Bu yolla həm daha sərfəlidir, həm daha rahat. London özü çox gözəl şəhərdir. London öz tarixiliyini qoruyub saxlayaraq müasir qalan bir şəhərdir. İnsanların dünya tarixini öyrənməyi üçün bütün muzeylərə giriş ödənişsiz təklif olunur. Bir sözlə London “fürsətlər şəhəri”dir.
Londonda yaşamaq biraz çətin gələ bilər, lakin çox böyük bir fürsətdir. Üstünlükləri odur ki, siz öz sahənizdəki son trendlərdən xəbərdar olur, yeni təcrübələr qazanırsınız. Mənfi cəhətləri isə odur ki, siz orada olarkən demək olar ki, hər şeyi özünüz həll etməlisiz, öz ölkənizdən qat-qat çox işləyib özünüzü insanlara sübut etməlisiniz. London mənə təhsildən əlavə, həm də öz ayaqlarımın üzərində durmağı öyrətdi. Londonda yaşadığım müddətdə bütün problemlərimi özüm həll etməyi öyrəndim. Boş vaxtlarımda isə İngiltərənin digər şəhərlərinə - Liverpool, Machester, Cambridge və Oxforda səfər etmişəm. Bu səfərlər zamanı çalışmışam ki, orada olan muzeyləri və qalaları gəzib, oranın tarixi ilə bağlı məlumatları öyrənim. Orda keçirdiyim vaxt həyatımın ən gözəl xatirələrindən birinə çevrildi.
Hal hazırda Azərbaycanda bank sahəsində Cyber Security Analyst vəzifəsində çalışıram. Bu yolda aldığım təhsil və təcrübələrimin rolu böyükdür. Təhsilim zamanı öyrəndiklərimi öz ölkəmdə tətbiq etməyə çalışıram. Əlavə olaraq @cybersecuritybaku instagram səhifəm var və burada gündəlik həyatda kiber hücumlardan özümüzü necə qoruya biləcəyimiz barədə məlumatlar paylaşıram.
Hər şeydən öncə hansı yolda getmək istədiyinizə qərar verin və daha sonra həmin sahədəki ən yaxşı ölkənin və ya universitetin hara olduğu barədə araşdırma aparın. Seçdiyiniz xarici universitetdə oxuyan tələbələrə çəkinmədən yazın və məlumat alın. Orada təhsil alarkən isə sosial və yeni fürsətlərə açıq olun. Bacardığınız qədər çox şey öyrənməyə çalışın.
Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.