Yüklənir...
Əgər xaricdə araşdırma yönümlü doktorantura və ya magistratura təhsili düşünürsünüzsə, o zaman sənədlərinizin arasında tədqiqat planı və ya research proposal olmalıdır. Magistr proqramlarında bu sənəd daha çox motivasiya məktubu şəklində tələb olunur. Ancaq bir çox təqaüd proqramlarında tədqiqat planına dair öz planlarınızı yazmağınız istənilir.
Research Proposal hazırlamaq asan görünsə də, bir o qədər də çətindir. Çünki onun standartları digər sənədlərdən daha yüksəkdir. Buna görə də research proposal hazırlanarkən xüsusi təlimatlara əməl edilməlidir. Tədqiqat planının iki əsas məqsədi var:
1) Bu sənəd mövcud problemi və onu araşdırmağın önəmini göstərir
2) Bu araşdırmanı davam etmək üçün tətbiq oluna biləcək strategiyaları müəyyənləşdirir.
Bütün research proposallar demək olar ki, müraciət edilən qurumdan asılı olmayaraq, tədqiqatı bəyəndirmək və onun dəyərini izah etmək üçün yazılır. Ona görə də, bu sənədi hazırlayarkən cəlb edici və detallı işləmək lazımdır. Gəlin sizlərə research proposal nədir, necə hazırlanır və bu sənədi hazırlayarkən edilən səhvlərdən bəhs edək.
Research Proposal təklif edilən araşdırmanın qısa və tutarlı xülasəsidir. Bu sənəd özündə araşdırmaq istədiyiniz mövzudakı problemləri və ya sualları müəyyənləşdirir. Mövcud ədəbiyyatı və tədqiqatları da nəzərə alaraq, tədqiqat sahəsinin əsas xətlərini üzə çıxarır.
Təəssüf ki, bir çox tələbə və yeni başlayan tədqiqatçılar research proposal haqqında kifayət qədər biliyə sahib olmurlar, onun nə anlama gəldiyini bilmirlər və dəyərini də anlamırlar. Ancaq birinci məqam budur ki, yaxşı araşdırmanı üzə çıxaran həmişə düzgün tərtib olunmuş research proposal olur. Zəif hazırlanmış tədqiqat planı bir şəkildə qəbul alsa da, gələcəkdə tədqiqata mənfi təsir edir. Ancaq güclü tədqiqat planı sadəcə tədqiqatın uğurlu olmasına səbəb olmur, eyni zamanda akademik əmək bazarında sizin potensialınızı da artırır.
Research Proposalın hazırlanma qaydası akademik sahələrə və onların tələblərinə uyğun olaraq dəyişir. Ancaq ümumi olaraq minimum 2000-2500 söz aralığında olmalıdır. Hər bir qurumun texniki tələblərini isə onların elanlarından öyrənib tətbiq etməlisiniz.
Əvvəl də qeyd etdiyimiz kimi, akademiklər layihələrini maliyyələşdirmək üçün research proposal yazmalı olurlar. Ancaq research proposal sadəcə doktorantura təhsili zamanı deyil, bakalavr və magistr oxuyarkən diplom işi barədə komissiyaya məlumat verərkən də lazım ola bilər.
Tədqiqat planını hazırlayarkən 4 əsas nüansa diqqət yetirmək lazımdır.
Aktuallıq -- Oxucunu layihənizin maraqlı, orijinal və əhəmiyyətli olduğuna inandırmalısınız.
Kontekst -- Sahə ilə tanış olduğunuzu, mövzu ilə bağlı araşdırmaların mövcud vəziyyətini başa düşdüyünüzü və fikirlərinizin güclü akademik əsaslara malik olduğunu göstərməlisiniz
Yanaşma -- Tədqiqat aparmaq üçün ehtiyac duyacağınız məlumatlar, alətlər və prosedurlar haqqında diqqətlə düşündüyünüzü göstərərək metodologiya barədə nümunə model yaratmalısınız.
Mümkünlük -- Layihənin proqram, təşkilat və ya maliyyə baxımından praktik məhdudiyyətlər daxilində mümkün olduğunu təsdiq etməlisiniz.
Bu mərhələdə artıq özünüzə spesifik suallar verməlisiniz, hansı ki bu suallar sizin tədqiqatın istiqamətini tam təyin edəcək:
Araşdırmaq istədiyim mövzu nədir?
Bu mövzu nə üçün önəmlidir?
Hansı praktiki problemləri həll edəcək?
Mövzu ilə əlaqədar mövcud araşdırmaları necə tamamlayır və ya yaxşılaşdırır?
Qarşımda duran əsas tapşırıqlar nələr olacaq?
Araşdırma mövzumu tamamlaya bilmək üçün kifayət qədər resurs və zaman varmı?
Ümumiyyətlə, tədqiqat planının əsas məqsədi sizin mövzu ilə bağlı biliklərinizi göstərmək və bu mövzuya dair marağınızı üzə çıxarmaqdır. Əgər mövzu barədə tərəddüdləriniz varsa, dünyada hansı növ layihələrin və tədqiqatların maliyyələşdirilməsinə nəzər yetirməyinizdə fayda var. Bu, sizə ümumi olaraq başlanğıc üçün istiqamət verəcək, ancaq mövzu seçimini etmək üçün spesifik olaraq universitetləri, professorları, təqaüd verən orqanları araşdırmalısınız. Bu da uzun vaxt tələb edən prosesdir, ona görə də bu mərhələdə daha çox səy göstərməlisiniz.
Research Proposal hazırlayarkən bir çox bilik və bacarığa sahib olmalısınız. Ancaq onları üç əsas qrupda ümumiləşdirmək olar:
Mövzu bilikləri və tədqiqat bacarıqları: mövzu biliklərinizi və mövcud tədqiqat tendensiyaları ilə tanışlığınızı nümayiş etdirmək.
Tənqidi düşünmə bacarıqları: qabaqcıl analiz, qiymətləndirmə, yaradıcılıq və sintez bacarıqlarını göstərmək.
Ünsiyyət bacarıqları: özünüzü qısa və konkret şəkildə ifadə etməyi bacarmaq.
Bu bacarıqlar əslində hamıda var, sadəcə onları üzə çıxarmaq üçün çalışmaq lazımdır. Research proposal hazırlayarkən isə mövcud biliyiniz və bacarıqlarınız çərçivəsində struktur yaratmalısınız.
Bura qədər research proposal nədir və necə yazılır ətraflı izah etdik. İndi isə bu prosesdə insanların etdiyi səhvlərdən bəhs edək. Çox tez-tez tələbələr universitetlərin bütün tələblərinə cavab versə də, yekunda qəbul komitəsindən rədd cavab alırlar. Bunun bir çox səbəbi var.
Qısa və konkretlikdən uzaq olmaq: Research proposal hazırlayarkən birinci məqam fikirlərinizi qısa və aydın şəkildə çatdırmağı bacarmaqdır. Unutmayın ki, proqrama sadəcə siz müraciət etmirsiniz. Bu faktor təyinedici də ola bilir, çünki oxuculara fikrinizi uzatmadan səlis şəkildə necə ifadə etdiyiniz maraqlıdır, bu gələcəkdə sizin orada konkret nəticələr əldə edə biləcəyiniz təəssüratını yaradır.
Ədəbiyyat icmalında lazımi və doğru mənbələri istifadə etməmək: Əlbəttə ki, bütün ədəbiyyata hakim olmaq mümkün deyil. Bu gün dünyada minlərlə yazı yazılır, kitab nəşr olunur. Ancaq təklif olunan məsələnin əhatə dairəsi və burada mövcud olan “duayen”ləri bilməlisiniz.
Kontekstual sərhədlərin müəyyən edilməməsi: Limitlər önəmlidir. Bu tədqiqatınızda qarşılaşa biləcəyiniz problemləri göstərir. Ona görə research proposal oxucuya mövzunu necə tədqiq edəcəyinizi aydın göstərməlidir.
Tutarlı arqumentin təyin olunmaması: Təklif etdiyiniz arqumentlər kifayət qədər güclü və məntiqli olmalıdır. Bu kritikdir. Arqumentlər məntiqli və yenilikçi olmalıdır. Maraq cəlb etməlidir. Əks halda oxucuların diqqətini çəkməyə bilər. Unutmayın ki, gələcəkdə bu sahənin mütəxəssisi olacaqsınız. Ona görə də oxucunu razı salmağı bacarmalısınız.
Orfoepik və qrammatik səhvlər: Akademik yazı stili research proposal hazırlanması baxımından olduqca önəmlidir. Qarşıdakı şəxslər sadəcə arqument və metodologiya deyil, eyni zamanda onların ifadə tərzinə də fikir verirlər. Ona görə də sənədi hazırlayarkən akademik yazı stilinə diqqət yetirməli, qrammatik qaydalara ciddi əməl etməlisiniz.
Kifayət qədər detallı olmamaq: Bəzən yazarlar bir iş hazırlayarkən kiçik məsələlərdə o qədər detallara toxunurlar ki, mövzunun əsas məsələlərinə diqqət yetirmirlər. Beləcə lazımi yerlərdə istifadə olunması lazım olan detallar öz əksini tapmır. Research proposal araşdırmanın zəruriliyini əsaslandırmaq üçün yalnız bir neçə əsas tədqiqat sualına diqqət yetirməlidir. Kiçik məsələlər, hətta etibarlı olsa belə ümumi konktekstə hakim olmamalıdır.
Son olaraq, yaxşı research proposal daim üstündə işlənilən tədqiqat işidir. Yəni tələbələrin universitetə qəbul olduqdan sonra onun üzərində işləməsi, ədəbiyyat icmalı hissəsində dəyişikliklər etməsi, tədqiqat işini daha da spesifikləşdirməsi və detallandırması, araşdırma suallarının yenidən qurulması, metodologiyanın tədqiqat işinə uyğun olaraq dəyişidirilməsi tamamilə normaldır. Burada əsas məsələ ilk versiyanın ‘son məhsul’ olaraq görülməməsidir. Çünki akademik sahədə bir araşdırma mövzusunun istiqaməti istənilən an araşdırmaçının maraqlarına uyğun olaraq dəyişə bilər.
Ən önəmlisi mövzunuzun araşdırılma potensialından əmin olun. Araşdırılması gələcəkdə çətin olacaq və ya sonlandırıla bilinməyəcək mövzuları seçməyin. Unutmayın ki, qəbul komitəsində hər sahədən ekspert olur və ədəbiyyata hakim olan ekspert tədqiqatın potensialını asanlıqla təyin edir.